QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH PƏNCƏRƏSİ
Bu coğrafiyadakı hər kəsin Qarabağ münaqişəsi ilə bağlı kiçik də olsa bir xatirəsi, danışa biləcək bir söhbəti mütləq ki var. 90-cı illərdə dünyaya gələnlərin birbaşa xatırladığı bir qarşıdurma olmasa da, 90-cı ildəki müharibənin fəsadları və buraxdığı izlər onlarda da müəyyən travmalar buraxmışdı. Kimisi ailəsindən itirdiyi şəxslərin hekayələrini dinləyərək böyüyüb, kimisi də 90-cı illərin çətinliklərini dinləyərək ailəsinin bu günkü şəraitini həmin dövrlə əlaqələndirib. Dövlətin yeritdiyi propaqandanı da əlavə edəndə yetəri qədər zəhərləndiyimizi demək olar. Bununla belə müharibəni bilmirdik deyə bizə hər şey rahat gəlirdi. Həm də müharibənin üstündən illər keçmişdi. Düşünülürdü ki, rahatlıqla barış ola bilər. Amma “Aprel döyüşləri” hələ də insanların içindəki kinin var olduğunu göstərdi. Bu əslində kin deyildi. Kin olması üçün insanların nəsə yaşaması lazımdır. Bu sadəcə zəhərin öz təsirini göstərməsidir. Biz zəhərimizi qusurduq. Bu bizi rahatladırdı həm də. Bununla rahatlayırdıq deyə bunun yaxşı şey olduğunu düşünürdük. Düşünürdük ki, bu yaxşı bir şeydir. Bu kin və nifrətdən isə illərlə töhvəsini verən dövlət bəhrələnməli idi, çünki artıq bunun zamanı gəlmişdi.
Qarabağ münaqişəsi daim Əliyev hakimiyyətinin qarantiyası olub, ehtiyat kartı kimi hər fürsətdə istifadə edərək daxili balansı qoruya bilib. Azərbaycan xalqını yaxşı analiz edən Sovetdən qalan sistem hələ də eyni məqsəd və strategiya ilə hərəkət edirdi. Bilir ki, Qarabağ mövzusunu ortaya ataraq hakimiyyətə ən radikal adamı da özünə tərəf çəkə bilər. Xalqın milli kimlik tərkibi, xüsusilə, mühafizəkar hissəsi Qarabağla yoğrulub. Sovet dövründəki birgəyaşayış dövrünün özünə də baxdıqda insanlar arasında ciddi qarşıdurma olmasa da, soyuqluq müəyyən qədər gözə batıb. Misal, rayonlarda eşitdiyim “ermənilərin istifadə etdiyi əşyaların qusullanması” buna misal göstərilə bilər. Bunu “xristianlıq”a calasalar da, bunun tam belə olmadığı məlumdur. Bakı daha kosmopolit idi deyə və yaradılmış “Бакинец” modelində ermənilər də toplaşmışdı deyə bu çox gözə batmırdı. Hətta ermənilərin özləri də “erməni” olduqlarını bir kənara qoymuşdular. 90-ların əvvəlində Bakıdan ayrılan ermənilərin yazılarını oxuyarkən gözümə sataşan “biz özümüzü bakılı olaraq görür, öz mədəniyyətimizi yaratmışdıq, erməni, türk, rus, yəhudi demədən hamımız bakılı idik, bir də gözümüzü açdıq ki, türklər gəlib bizə ermənisiz, getməlisiz deyirlər. O zaman başa düşdük ki, biz erməniyik” ifadəsini “Ermənilər bizə siz türksüz, siz düşmənsiz” deyən qarabağda yaşayan azərbaycanlının “ermənilər bizə o sözü deyənə qədər özümüzün türk olduğunu unutmuşduq” ifadəsinə bənzədirəm.
Azərbaycan cəbhəsində vəziyyət
2020-ci il müharibəsinin başlaması bir çox şey üçün gec, bir çox şeyin aydınlandığı məqam idi. Azərbaycan yeni dövrə keçid edirdi və bu dövrün qalibi yenə İlham Əliyev idi. Tək ona görə yox ki, müharibəni qazanmışdı, həm də daxili auditoriyanı ələ almış, illərlə seçkiləri saxtalaşdıraraq əldə saxladığı hakimiyyəti xalq dəstəyi ilə idarə edirdi. İllərlə mübarizə aparan, bu mübarizəsinə görə həbslərlə üzləşən, yoldaşlarının ölümünü görən şəxslər keçmişi bir kənara qoymuş, bütün mübarizələrindən imtina edərək ona dəstək oldu. Müharibədən sonra yenə köhnə abu-havada mübarizə aparıb, özlərini “müxalifət” kimi sırımağa çalışsalar da, artıq əvvəlki kimi görünə bilmədilər. Əvvəl yenə 1-2 narazı fikirlər səsləndirib, reaksiya ala bilirdilərsə, sonra onu da itirdilər. Həm siyasətin içindəki şəxslərdən, həm uzaq olan şəxslərdən. “Uzaq olan şəxslər” müharibə qalibinə qarşı müxalifətin fikirlərini önəmsiz görür, zamanla Qarabağ məsələsi ilə bərabər onların da problemlərinin həll olacağına daha çox inandılar. Bir də hakimiyyətin apardığı “islahat”ları görəndən sonra onlar üçün inandırıcı olmağa başladı ki, bəli, artıq nəsə olacaq müsbətə doğru. Müxalifətin fikri isə təhlükəlidir. Onlar dövlətə (Əliyevə) dəstək olduqlarını, yanlarında olduqlarını desələr də, bu tam əksi kimi təqdim edildi. Hakimiyyətin yaratdığı “qurma müxalifət”i dövlətin ətrafında sıx birləşənlərə əlavə edib, bunu xalq-iqtidar birliyi kimi sırıdılar, amma AXCP-ni xüsusilə müharibəyə qarşı olduğunu göstərdilər. Çünki Cəbhənin dövlətə qarşı dayanmasını göstərmək istəyirdilər. Cəbhə isə buna baxmayaraq özünü yenə dövlətin yanında göstərməyə çalışdı.
“Dövlət-hökümət fərqlidir.” fikrini yəqin hər kəs görüb, ya bir söz deyəndən sonra kimdənsə eşidib. Bu Azərbaycanda belədirmi? Hakimiyyət və dövlət o vəziyyətdə fərqli olur ki, səni hakimiyyətə qarşı müdafiə edəcək bir qurum olsun. Misal, məhkəmə, bələdiyyə, parlament. Bunlardan hansı biri hakimiyyət kimi gördüyümüz, amma dövlətin birbaşa özü olduğu şəxs(lərdən) asılı olmayaraq müstəqildir? Bu halda müharibənin özünü dəstəkləmək, Əliyevi dəstəkləmək deyil? Müharibəni dəstəkləmək Əliyevi daha güclü vəziyyətə gətirmək, onu xalq qarşısında “diktator” donundan çıxarıb, “qəhrəman”a çevirməz? Həmin “müxalifət” müharibədən sonra bu görüntüsü ilə özünün necə gülünc vəziyyətə düşdüyünü görsə də, bu səhvini başa düşüb, dərs çıxarmaq əvəzinə, səhvini “doğru” kimi göstərməyə çalışdı. Bunu müdafiə edərək “yenə müharibə olsa, yenə dəstək olaram” dedi.
Düşünməyin ki, Əliyev rejiminin güclü qalmasında, müharibədə xalqdan dəstək görməsində tək problem sadalananlardır. Xalq-müxalifət-iqtidar arasında ciddi bir fərq yoxdur əslində. Geniş planda baxdıqda onlar eyni sözü deyən, fərqli bir-iki istəkləri olan qruplardılar. Bir dəfə yazdığım “Xalq demokratiyanın nə olduğunu bilmir, bilsə, istəməz. Demokratiya əxlaqsızlıqdır” fikrini əksər insan xalqın cahilliyinə yozsa da, bu tam belə deyil. Xalq demokratiyanın nə olduğunu termin olaraq bilmir bəlkə, ya öz bildiyi kimi şərh edir, amma fakt budur ki, iqtidarn dili xalqın dili ilə üst-üstə düşür. Onlar üçün demokratiya müəyyən çərçivədə olan, mentalitet dəyərlərinə sadiq, əxlaqi prinsipləri qoruyan bir demokratiyadır. Qarabağı da söhbətə əlavə etdikdə həm müxalifət, həm iqtidar, həm xalq eyni tələblər üzrə çağırış edir. “Qarabağ Azərbaycana qayıtmalıdır, ermənilər Qarabağdan çıxarılmalıdır”. Müxalifət buna görə hakimiyyət iddiasından çox, hansısa problemlərin ödənməsi tələbi ilə çıxışlar, mitinqlər edir. Əliyevin hakimiyyətini monarx kimi qəbul edib, sadəcə ondan bəzi tələblər gözləyirlər. Qarabağ da bu tələblərdən biridir. Onlar üçün Qarabağ məsələnin həlli daha yaxşı bir gələcək kimi görünürdü. İlk növbədə illərlə qalan “məğlubiyyət” damğası qalxacaqdı. Bunu yəqin mediada da tez-tez görmüsünüz. “Artıq məğlub xalq deyil, qalib xalqıq” kimi fikirlər sırınır.
Azərbaycan üçün sülh
Azərbaycan xalqı üçün demokratiya anlayışı iqtidarın “demokratiya”sı ilə bir olduğu kimi “sülh” anlayışı da birdir. Yəni Qarabağa baxış tam olaraq “ermənisiz Qarabağ”dır. Əksini səsləndirib, “onlar bizim vətəndaşımızdır, sülh müqaviləsinə imza atıb, bizimlə birlikdə yaşasınlar” desələr də, bunun nə tərəfdarı deyillər, buna nə də inanmırlar. Xalqın buna razı olmamasına səbəb ermənilərin Bakıda və ya digər bölgələrdə yenidən yaşamasından çəkinməsidir. Onlarla birlikdə yaşamağın təhlükəsiz olmadığını düşünürlər. Həmçinin bu qədər hadisə, müharibə, müharibədə ölən insanların ailələrinin kədəri və nəsə edəcəkləri qorxusu var. Hakimiyyət üçünsə ermənilərlə birgəyaşayış artıq demokratiyanın formalaşması deməkdir. Buna artıq milli-demokratiya görünüşü verə bilməyəcəklər. Türkiyədəki “Xalqların Demokratik Partisi” kimi iqtidar önündə alternativ bir güc olacaq və bu güc ətrafında xarici maraqlar, həmçinin daxildəki digər etnikləri birləşə biləcək. Ermənilərə qarşı isə azərbaycanlılara etdikləri kimi siyasi və zorakı basğını açıq edə bilməyəcəklər. Onların parlamentdə yer alması da, bələdiyyə istəmələri də yenə sərf etməyəcək. Həmçinin bu paxıllıq yaradacaq. “Ermənilərə verirsinizsə, biz də istəyirik” fikirləri ortaya çıxsa, bu təziqin qarşısında Əliyevin şansı çox qalmayacaq. Haqları tapdalanan və illərdir təziqlərlə susdurulan digər etnik millətlərin də buna baxaraq səslərini çıxarması istəkləri yaranacaq. Artıq burada onlara “separatçı” donu geyindirmək cəhdləri uğursuz olacaq. Buna görə Qarabağla bağlı həll yolu ilk başlarda onları orada blokadada saxlamaq, axırda bezdirib, ya basğıcı bir üsulla Qarabağdan Ermənistana köçürtməkdir. Buna isə həm xalq, həm müxalifət dəstəkdir. Geri qalır radikal bəzi kəsimlər, onların isə sayı çox az olduğundan nə bir təsir gücləri, nə bir dəstəkçi yönləri olmayacaq.
Xalq düşmənləri
2020-ci il müharibəsi çox şeyin aydınlandığı bir keçid dövrü idi. İllərlə özünü “demokratiya” kölgəsi altında gizlədib, bu yolda iş görməyə çalışlarla, sülh quruculuğu sahəsində çalışan insanların əslində illərlə içlərində saxladığı rövanş istəyinin qaldığını gördük. Sadəcə özlərini həmin dövrün “məğlub” ritorikasına uyğunlaşdıraraq o çərçivədə nəsə etmək istəyiblər. Düşünməyiblər ki, yeni bir müharibə olar, Azərbaycan bu müharibədən qalib ayrılar. Yəqin əllərindəki resurs və güclə bacardıqları qədər təziq və tələblə nə qoparmağı bacarsalar qənimətdir kimi görüblər. Müharibənin başlaması ilə gerçəkliklər ortaya çıxmağa başladı. Ələkdən keçirərək təmizi və çirkini göstərdi. Müharibənin tək müsbət tərəfini axtarmalı olsaq, deyə biləcəyim sadəcə bu olar. Hər kəsin üzü aydın şəkildə göründü.
Müharibənin başlamasından sonra müharibənin əleyhinə imza kampaniyası oldu və çağırışlar səsləndi və buna görə dövlətin həmin şəxslər üzərində təziqləri başladı. Amma bunu birbaşa özü etmək əvəzinə, müəyyən qruplara yönəltdi. Əvvəldən var olan troll dəstələri kiçik və müəyyən hədəf qrupunu hədəfə almaq məqsədi ilə yaradılmışdı. Onların həm dil bacarıqları elə də inkişaf etmiş deyildi, həm də tarixi bilikləri, datalara əl çatımlığı yaxşı deyildi. Buna görə tələsik yaradılan bu qrupların ilkin hədəfləri həmin bəyanatı imzalayan şəxslər oldu. Troll dəstələrinin kiçik qrupu ölkə daxilində idi müharibə başlayanda, digər geri qalan qrupu isə Azərbaycanın xaricdəki diasporalarına təhvil verilmişdi. Müharibə bitəndən sonra daxildə yaradılan yeni QHT-lərin şəbəkəsində yeni troll şəbəkələri formalaşaraq “media müharibəsi”nə əlavə dəstə kimi qatıldı. Həmin qrupların tərkibində erməni dili bilən şəxslərin olması da önəmli faktlardandır.
Müharibə bitsə də, müharibənin istər insan üstündəki fəsadları, istər zaman-zaman Qarabağla əlaqədar fikir ayrılıqları daim bu mövzunu gündəmdə saxladı. Buna görə həmin qrupların aktivliyi önəmli idi. Ara-sıra yayılan hərbiçilərin işgəncə videoları, ölkə daxilindəki digər “düşmən erməni” görüntüləri, uşaqlardan istifadə edilərək nifrət nitqinin yayılması görüntüləri münaqişənin hələ də bitmədiyini, tam tərsinin olduğunu göstərirdi.
Müharibə əleyhinə 3 çağırış oldu. Bunların ilki 2020-ci ildəki “44 günlük” müharibə zamanı, digər ikisi 2022-ci ildə oldu, sentyabrdakı Azərbaycanın Ermənistan ərazisində keçirdiyi əməliyyat zamanı və Şuşa-Laçın yolunun bağlanması zamanı.
Dövlətin həmin bəyanatda iştirak edən şəxslərə qarşı ciddi təziqi olmadığını gördük, onların linçlənməsi və “düşmən dəyirmanına su tökən” kimi göstərmək üçün həmin bəyanatın tirajlanaraq xalqa çatdırması daha çox işlərinə yarayırdırdı. Bu həm həmin şəxslərin ətrafındakı insanların onlara təziqləri ilə nəticələnəcəkdi, həm də xalqın gözündə onların inamı sarsılacaqdı. Tirajlanan xəbərlərdə həmin bəyanatın gerçək mahiyyətindən deyil, istədikləri kimi dəyişərək göstərilməsini də gördük.
Maraqlısı odur ki, “44 günlük” müharibə zamanı çağırış və kampaniyaların həcmi daha böyük idi və xalq dövləti dəstəkləyirdi, bununla belə həbs olmazkən 2022-ci ilin sentybrında olan əməliyyata qarşı çıxdığına görə “Demokratiya 1918” hərəkatının sədri Əhməd Məmmədli 30 sutka həbs edildi. Həbs səbəbi “polisə müqavimət” kimi göstərilsə də, hər kəs onun müharibə əleyhinə yazısı və İlham Əliyevi günahlandırmasına görə həbs olduğunu bilirdi.
“Vətəndaş Cəmiyyəti” adlandırdığımız, siyasi məsələlərdə daha aktiv olan, reaksiya verən qrup isə burada daha bir qopma yaşadı. 2020-ci ildə əvvəlki sülh tərəfdarlarının gerçək üzlərini görmək şansımız olsa da, sentyabr hadisəsindən sonra biz növbəti üzlərin şahidi olduq. Məmmədlinin həbsindən sonra bu həbsin doğru olduğunu, onun yazısının cinayət əsaslı olduğunu, hətta daha ağır şəraitdə cəzalandırılmalı olduğunu deyən şəxslərin çıxışlarını gördük.
“Bəs demokratiya?” deyə sual verə bilərik. İnsan haqları, vətəndaş mövqeyi, şəxslərin fikir və ifadə azadlığı hardadır? Niyə fikir bildirdiyimizə görə həbs edilirikdən keçmişik artıq. Biz bu həbslərdən və təziqlərdən sonra gözlənilən reaksiyadayıq. Çünki həbslərin normallaşdırılmasına şərait yaratmışıq. Tək gözləntimiz ən azı vətəndaş cəmiyyətinin bütöv olaraq bu hadisəni qınaması, xalqdan kiçik də olsa dəstək gözləməyimiz ola bilər. Bu isə Qarabağla əlaqəli məsələdə görünməyən, tam əksi olan bir məsələ oldu. Əhməd Məmmədlinin həbsinə qarşı nəki etiraz səsləndirən, dəstək verən demokratiya aşiqləri özlərinə ciddi şəkildə haqq qazandırırdı. Amma baxdıqda bu həbsin özü cinayət idi. Əgər onun dedikləri həqiqətən də həbs üçün səbəb idisə, niyə bu bəndlə deyil, İnzibati xətaların 535.1 maddəsinə görə bu həbs gerçəkləşdi? Axı bunun müdafiə ediləsi tərəfi yoxdur?!
Burada, həqiqi demokratiya tərəfdarı olduğunu deyən şəxslərin susmasına 2 səbəb tapa bilirəm. Ya onlar da dövlət kimi eyni düşüncədədilər; ya da dövlətin təziqindən qorxurlar. Düşünürlər ki, müharibəyə qarşı çıxış etsələr və ya çıxış edənləri qorusalar onlar da ciddi təziqlə üz-üzə qala bilərlər. Həmçinin az-çox topladıqları “like” və tərəfdarın buna görə onlardan qopması ilə nəticələnə bilər. Amma bunun tam əksini ölkəxaricində görmək olar. Müharibə vaxtı müharibənin qatı tərəfdarı olan, ermənilərin hətta vəhşicəsinə öldürülməsinə çağırış edən xaricdə yaşayan fəallar (onların xaricə getməsinə səbəb elə İlham Əliyevə qarşı olmalarıdır) daha sonra tam əksində çıxışlar edərək ermənilərin Qarabağda Əliyev tərəfindən təziqlər gördüyünü deyib, Azərbaycandakı rejimi pisləyirlər. Səbəbi onların fikrinin dəyişməsi deyil, əlbəttə. Daxildəki dəstəklərinin azaldığını başa düşürlər və aktivliyi ermənilər üzərindən yaratmağa çalışırlar. Əliyevə qarşı olduqlarını düşündüyü üçün sülh istədiyini düşünən ermənilər də onlara yaxınlıq edir. Bu uzağı növbəti “44 günlük müharibə”lərin birində qırılma yaşadacaq və onların üzünü göstərəcək.
Dövlət üçün elələrinin nəsə danışması təhlükəli deyil. Həm onları daxilə “baxın, sizə demişdik axı onlar xaindir, inanmırdınız” kimi göstərəcək, həm illər sonra üzləri düşəndə “azərbaycanlılar budur, sülh istəmir” kimi yenə təqdim edə biləcəklər. Sülh çağırışında iştirak edən əsas aktivistləri də kənar tutaraq passiv saxlayacaqlar. Bir də yaratdığı süni “peacebulding” proqramları ilə yetişdirdiyi idarə olunan qurucuları iştiraka qataraq daha ön plana çəkəcək və sülh prosesləri zamanı istədiyi kimi idarə edə biləcəklər. Bunun üçün artıq işlər başlayıb. Onlar həm dövlət marağını qoruyacaq, həm də danışıq zamanı erməni tərəfi ilə iştirak edəcəklər. Nəticədə “əsl sülh”lə deyil, Azərbaycan dövlətinin istədiyi “sülh” ritorikasında danışacaqlar.
Xülasə
Sözümün canına gələk. Nə qədər ki, bu münaqişənin bitməsini istəməyəcik, bənzər və fərqli tərzdə yeni söhbətlər gündəmə gələcək, danışılacaq, şəxslər dəyişərək yenə danışılacaq. Qarabağ məsələsinin kökündən həlli üçün 2 tərəfli həqiqi sülh üçün işlər görülməlidir. Bir dəfə tviterdə “Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin sülh üçün əngəl olacağını” demişdim. Hələ də bu fikrimdəyəm. Ona görə qarşıyam ki, hazırki tərəflər “sülh” üçün deyil, sadəcə “məcburiyyət” üçün bu müqaviləyə gedir. Bu isə nəticə əldə etmək əvəzinə daha böyük fəlakətin başlanğıcı olacaq. Azərbaycanın danışıqların əvvəlindən səhv etdiyini düşünürəm. Məhz Qarabağı tərəf olaraq görməmək üçün Ermənistanı tərəf seçdi və onunla danışığa getdi. Ermənistan da indi Azərbaycanın etdiyi kimi güclü tərəf olduğunu düşünüb, Azərbaycanı öz çərçivəsindəki “sülh”ə məcbur etdi. İndi də eynisini Azərbaycan etmək istəyir. Azərbaycan əgər Qarabağı öz parçası kimi görürsə və orada yaşayan insanları vətəndaşı kimi görürsə, onlarla danışmalıdır, Ermənistanla deyil. Dövlətlər həmişə öz siyasi marağını güdüb. Humanitar maraqları kənarda saxlayıb. Qarşı olmağımın səbəbi də budur, səmimi və nəticəli deyil.
Hazırda Qarabağda Azərbaycanın eko-aktivist adıyla yaratdığı aksiyanın da məqsədi bəyanata məcbur etmək, “Zəngəzur koridoru”ndan nəticə əldə etməkdir. Qarabağı yenə blokadada saxlayacaqlar onsuz da. İndi nəticə əldə edə bilməməsi və sentyabrdakı məğlubiyyəti yəqin daha böyük bir əməliyyata səbəb olacaq. Ən yaxın zamandamı, yoxsa bir müddət sonramı yeni əməliyyatı gözləyə bilərik. Azərbaycanın demokratiyası Qarabağla geri dönəcək. Seçimi isə biz edəcik, “ermənisiz Qarabağ”, yoxsa “demokratik Azərbaycan”.